Ermənistana xatırlatma| Moskva 10 Noyabr razılaşmasından niyə narazıdır?

2023/03/ttt-1679568352.jpg
Oxunub: 2231     14:43     23 Mart 2023    
Martın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan xarici işlər naziri ilə birgə mətbuat konfransında 44 günlük müharibə və onu daha tez, oktyabrda başa çatdırmağın mümkünlüyü barədə fikirlər səsləndirib. Bundan başqa, Lavrov həmin fikirləri Ermənistanın siyasi rəhbərliyinin hazırkı mövqelərindən narazılığı kontekstində xatırladıb. O, müharibənin erkən dayandırılması ilə bağlı artıq məlum olan "sirr"dən yararlanmağa çalışır.

Hazırda Ermənistanın daxili siyasi "mübarizəsi"ndə Putinin müharibə vaxtı çıxışlarından və çağırışlarından geniş şəkildə istifadə olunur. Yəni onların fikrincə, Putinin Şuşa azad edilməmiş Paşinyana etdiyi çağırışlarının nəzərə alınmaması müharibənin uzanmasına təkan verib. Bu fonda Lavrovun fikirləri hadisələrin məntiqi ardıcıllığı ilə təhlil olunmalıdır. Axı Lavrovun özü oktyabrın 9-da Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə 1 saatdan çox davam edən üçtərəfli danışıqların iştirakçısı olub.

Lavrovun özü də bildirib ki, danışıqlar üç ölkənin liderləri ilə aparılıb, mütəmadi əlaqə saxlanılıb, onun detalları müzakirə olunub və s. 11 saatdan sonra atəşkəs razılaşması elan edilsə də, bu, Ermənistanın Azərbaycanın yaşayış məntəqlərini raket atəşinə tutmasına görə cəmi bir saata yaxın davam etdi. Nə üçün Ermənistan elan edilən razılaşmaya əməl etmədi? Bu məsələnin başqa tərəfidir, lakin Lavrovun bu barədə qeydi bu gün İrəvanın daxili siyasi və ictimai həyatına kifayət qədər təsir edir.

Atəşkəs danışıqlarının 11 saatdan artıq, demək olar ki, səhərə qədər davam etməsi faktı sübut edir ki, substantiv danışıqlar olub və nəticədə atəşkəs sazişinin elanı ilə yekunlaşıb. Bu da öz növbəsində o deməkdir ki, ümumi mövqelər əldə etmək mümkün olub. Daha sonra Ermənistanın yenidən təxribatlara əl atması, şəhərlərimizi bombalaması vəziyyəti dəyişdirdi. Təbii ki, Lavrov bu qeydi ilə Ermənistanın ictimai-siyasi həyatına müdaxilə etməklə yanaşı Moskvanın bu vəziyyətdən razı qalmadığını da göstərməyə çalışır. Hər bir halda atəşkəs nəticəsində Rusiya sülhməramlıları 10 noyabrda olduğu kimi deyil 9 oktyabrdakı vəziyyətdən istifadə edərək daha geniş ərazidə dayanacaqdılar. Bu planın qarşısını isə Azərbaycan əsgərinin qəyiyyəti və gücü aldı.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin